Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”adlı tədbirlər keçirib

Tarih: 
05/05/2015 - 17:15

 
      Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə (TUMİB) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə TUMİB-nin sədri Çingiz Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Prezidentin yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Azərbaycan Dövlət Rəsm Qaleriyasının direktor müavini İlqar İlyasov və Bakı Atatürk Liseyinin müdiri Əli Devrim, Türkiyədə təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər.
İlk öncə tədbirdə Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olundu və dövlət himnini səsləndirdildi. Tədbiri giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramov qeyd edib ki, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”nin fəlsəfi, siyasi mənası olduqca dərindir: “Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Azərbaycançılıq məfkurəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin müəllifi olduğu, sistemləşdirdiyi, Azərbaycançılıq təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova bildirib ki, Azərbaycanın dinamik inkişafı, qazandığı çoxsaylı nailiyyətlər erməni lobbisi ilə əməkdaşlıq edən müəyyən dairələrdə narahatlıq yaradır. Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əks-təbliğat işləri aparan təşkilatlardan danışan R. Qurbanova əlavə edib ki, həmin təşkilatlar heç vaxt Xocalı faciəsi, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları ilə bağlı bəyanat verməyiblər: “Bunların məqsədləri bəllidir, bunlara maliyyə verən tərəflər də bəllidir. Mən Azərbaycan gənclərini bu kimi təşkilatların fikirlərinə aldanmamağa çağırıram. İstərdim ki, gənclərimiz sosial şəbəkələrdən də səmərəli şəkildə istifadə etsinlər. Hansısa saytlarda Azərbaycana qarşı mənfi fikirlər gedirsə, biz onlara müvafiq cavab yazmalıyıq”.
Daha sonra çıxış edənlər Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikası Prezidentin yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Azərbaycan Dövlət Rəsm Qaleriyasının direktor müavini İlqar İlyasov və Bakı Atatürk Liseyinin müdiri Əli Devrim Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini bu gün uğurla Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyev tərəfindən daha da sistemləşdirildiyini bildirdilər.
Sonda TUMİB və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin gənclər arasında təşkil olunan – yazı, şeir, rəsm və mahnı müsabiqələrinin qaliblərini mükafatlandırıb.
 

Rəylər:

No comments available.