13 fevral- Ümumdünya Radio Günüdür .
Radio bir əsrdən artıq insanların məişətinə daxil olmaqla bərabər, onların həyat tərzində mühüm rol oynayan kütləvi informasiya vasitələri arasında çox geniş yayılmış və Yer kürəsi əhalisinin 95 faizini əhatə etməkdədir. Eyni zamanda, radio bir rabitə sistemi kimi fövqəladə hallarda geniş və əvəzsiz imkanlara malikdir.
Beynəlxalq Elektron Rabitə İttifaqının məlumatına görə, dünya əhalisinin 75 faizi ən azı bir radioqəbuledicidən istifadə edir. Bunu nəzərə alaraq, ötən ilin noyabr ayında keçirilən UNESCO-nun baş konfransı hər il fevralın 13-nün Beynəlxalq Radio Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir.
UNESCO-nun baş direktoru İrina Bokova Beynəlxalq Radio Günü münasibətilə müraciətində bildirmişdir ki, radio geniş auditoriyanı əhatə etməklə yanaşı, informasiya sahəsində cəmiyyətimizin əsas tərkib hissələrindən birinə çevrilmişdir. Müstəqil, azad və plürealist radio sağlam cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Baş direktor bütün dünyanın dövlət, regional və özəl radio stansiyalarını bu il ilk dəfə qeyd edilən Beynəlxalq Radio Günü ilə bağlı bayram tədbirlərində fəal iştirak etməyə çağırmışdır.
Bayram günü arzu edənlər UNESCO-nun radio arxivində Pablo Neruda, Jan-Pol Sartr, Xorxe Luis Borxes, Andre Malro, Pablo Pikasso, Şarl de Qoll, Yuri Qaqarin, Nikolay Semjonov və digər görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərinin çıxışları yazılmış lentlərə qulaq asmaq imkanı əldə edəcəklər.
#AnadoluÜniversitesi
#AzerbaycanProgramları
Rəylər: