AMEA ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Tarih: 
22/05/2013 - 12:00

22 may 2013-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə  və Anadolu Universitetinin rektoru Prof. Davud Aydın imzalayıb. İmzalanma mərasimində AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, Anadolu Universitetinin rektor müavini Aydın Ziya Özgür, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov iştirak etmişlər.
İmzalanan protokolda AMEA Anadolu Universitetində yaradılmış Heydər Əliyev Mərkəzi ilə birlikdə tarix, ədəbiyyat, dilçilik, incəsənət, iqtisadiyyat, arxeologiya və etnoqrafiya sahələri üzrə birgə elmi-tədqiqat işləri aparmaq vəzifəsini öz üzərinə götürür. AMEA-da çalışan görkəmli alimlər Anadolu Universitetinin tələbələri üçün İnformasiya Texnologiyaları İnstitutunun vasitəsilə video dərslər keçəcək. Türkiyə tərəfi isə AMEA ilə birlikdə ortaq simpozium və seminarlar keçirmək, Azərbaycan alimlərini universitetdə təşkil olunan elmi tədbirlərə dəvət etmək, AMEA-nın Tarix, Ədəbiyyat, Dilçilik, İncəsənət və İqtisadiyyat institutları ilə birlikdə araşdırmalar aparmaq və ekspedisiyalar təşkil etmək vəzifəsini öz üzərinə götürür.

Rəylər:

No comments available.