Anadolu Universiteti Azərbaycan programlarından məzun olan tələbələrə diplom və “Yüksek Onur Belgesi” təqdim edildi
Türkiyənin Anadolu Dövlət Universitetinin tələbəsi olmağa hazırlaşan abituriyentləri məlumatlandırmaq və Universitetdə Azərbaycandan distant formada təhsil alan əlaçı tələbələrə “Yüksek Onur Belgesi” təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
“Park İnn” otelin konfrans salonunda Anadolu Universiteti Azərbaycan Proqramlarında tələbə olmağa hazırlaşan abituriyentləri və valideynlərini Anadolu Universiteti haqqında geniş şəkildə məlumatlandırmaq və distant formada təhsil aldıqları müddətdə müvəffəqiyyətlə oxuyaraq tərifnaməyə (“Yüksek Onur Belgesi”) layiq görülən tələbələr üçün Tərifnamələrin təqdimatı mərasimi keçirilmişdir. Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfiriliyinin katibi Öznur Tübençokrak, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İH-nin Sədri Cemal Yangın, Anadolu Universitetindən Dos.Dr. Ahmet Emre Demirci və Orhan Gültekin, “İSR” Holdinqin Vitse-Prezidenti Zafer Tangil, “Park İnn” otelin Baş Meneceri Ahmet Can Yeşildağ, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin Sədri Mətanət Əsgərqızı, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB-nin Sədri Zaur Qəriboğlu, “Karabakh Today” saytının Baş Redaktoru Oktay Hacımusalı, “Eko Ekspert” İB-nin Sədri və Reaksiya.az saytının Baş Redaktoru Şəbnəm Rafaelqızı, Vəkillər Kollegiyasının üzvü Azər Mustafayev, abituriyentlər, tələbələr, məzunlar və valideynləri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhd zamanı demokratiya yolunda qəhrəmancasına həyatını itirmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Azərbaycan və Türkiyənin İstiqlal Marşları səsləndi.
Himnin ardından tədbir iştirakçıları Anadolu Universiteti Azərbaycan Proqramlarının və Anadolu Universitetinin “Açıköğretim” Sisteminin tanıtım filmlərini izlədilər.
Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, tərifnamə alan tələbələri və xüsusilə onların valideynlərini təbrik etdi, tələbə olmağa hazırlaşan abituriyentlərə isə düzgün seçimlə, doğru ünvanda olduqlarını vurğuladı. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində görülən işlərdən, Anadolu Universiteti Azərbaycan Proqramlarında olan yeniliklərdən məlumat verərək bildirdi ki, Proqramlarımıza Anadolu Universitetinin, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin və ATİB-in dəstəyi xüsusi önəm daşıyır.
Anadolu Universiteti Azərbaycan Proqramlarının tərəfdaşlığını edən, Azərbaycan Türkiyə İşadamları Birliyinin İH-nin Sədri Cemal Yangın öz çıxışında, abituriyentləri, tərifnamə alan tələbələri və valideynlərini təbrik edərək, Anadolu Universitetinin tələbəsi olmağının böyük bir uğur olduğunu diqqətə çatdırdı.
Daha sonra “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin Sədri Mətanət Əsgərqızı çıxış edərək qeyd etdi ki, azərbaycanlı gənclərə ali təhsil almaları üçün yaratdığı belə gözəl şəraitə görə Anadolu Universiteti Rektorluğuna, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfiriliyinə və Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova öz dərin təşəkkürünü bildirmişdir. Çıxışının ardından O, Anadolu Universiteti tələbələrinə öz təşkilatı adından “Təşəkkürnamə”, həmçinin, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoruna, rəhbərlik etdiyi qurum adından Fəxri Diplom, ATİB İH-nin sədri Cemal Yangına isə döş nişanı təqdim etdi.
Tədbirdə iştirak edən tələbələr arasında maraqlı və diqqət çəkən məqam isə, ana və qızının eyni vaxtda (Səadet Məmmədli və Ülkər Məmmədli) Anadolu Universiteti Azərbaycan Proqramlarında oxumaları idi, Səadət Məmmədli və qızı Ülkər Məmmədli artıq məzundurlar. Səadət xanım bir məzun olaraq çıxış etməklə yanaşı, eyni zamanda valideyn kimi də həyəcanlı idi. O, öz çıxışı zaman vurğuladı ki, “ana və qız olaraq eyni universitetin məzunu olmaq bir başqa qürurverici bir haldır, mən keçən il məzun olmuşam, amma qızım bu il yüksək nəticə ilə Anadolu Universitetinin məzunu oldu, bugün isə Anadolu Universitetinin məzunu kimi deyil, bir valideyn kimi daha çox həyəcan və qürur hissi yaşayıram. Sonra o, Anadolu Universiteti Azərbaycan Proqramlarında distant formada ali təhsil alan tələbələrə hər zaman əvəzolunmaz dəstəyini əsirgəməyən T.C. Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Cənab Alper Coşkuna, Rektor Prof.Dr. Naci Gündoğana, Koordinator Azər Hətəmova, ATİB-in Sədri Cemal Yangına gənclər üçün yaratdıqları hərtərəfli şəraitə görə öz dərin minnətdarlığını bildirdi.
Anadolu Universitetindən Dos.Dr. Ahmet Emre Demirci öz çıxışında, Universitet haqqında ətraflı danışaraq, abituriyentləri məlumatlandırdı.
Tələbələrdən isə, dörd illik bakalavr pilləsini üç ilə bitirməyi hədəfləyən Gülər Qasımlı çıxışında bildirdi ki, “İlk öncə biz gənclərə yaşam tərzimizi dəyişmədən, yüksək ali təhsil vermək üçün bu şəraiti yaradan T.C. Azərbaycandakı Səfiriliyinə, Anadolu Universiteti Rektorluğuna, Anadolu Universiteti Azərbaycan Proqramları Koordinatoru Azər Hətəmova və ATİB İH-nin Sədri Cemal Yangına və əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Anadolu Universitetinin tələbəyə verdiyi maksimum imkanlardan, minimal müddətdə istifadə edərək, təhsilimi üç ilə tamamlamağı hədəfləmişəm, hədəfimə doğru uğurla addımlayıram, gələn il məzun olma sevincimi sizlərlə paylaşmaq istərdim. Bir zamanlar xəyalım olan Universitet, bugün artıq həyatımın reallığıdır. Hər zaman oxuyaraq iş həyatına atılmaq da xəyalım olub, nəzəriyyəni paralel şəkildə praktikada tətbiq etmək imkanını bizlərə ancaq Anadolu Universitetinin distant formada təhsili verə bilərdi.”
Tədbirin sonunda tələbələrə rəsmi nümayəndələr tərəfindən “Yüksek Onur Belgesi” və “Onur Belgesi” təqdim edildi.
Rəylər: