Anadolu Universiteti nümayəndələri Heydər Əliyev Fondunda olmuşlar
2013-cü ilin mart ayında Anadolu Universiteti hüquq fakültəsinin dekanı Ufuk Aydın, mühəndislik fakültəsinin dekanı Tuncay Döğeroğlu, güzel sanatlar fakültəsinin professoru Bilgihan Uzuner, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov Heydər Əliyev Fondunda olmuşlar. Fondun ekspozisiyaları ilə tanış olan qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, onun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Dahi şəxsiyyətin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda xoş təəssürat yaratdı. Onlar Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyətini, ölkədə və beynəlxalq aləmdə yüksək hörmət və nüfuza malik olmasını da yüksək dəyərləndirdilər. Qonaqlar Fonddan zəngin təəssüratla ayrıldılar.
Rəylər: