Anadolu Universitetində “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi” nin açılış mərasimi keçirilib
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetində silsilə tədbirlər keçirilib. 7 may 2013-cü il tarixdə Türkiyənin Anadolu Universitetində yaradılan “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi” nin və mərkəzdəki Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi keçirilib. Mərasim TRT Okul və TRT Avaz televiziya kanalları vasitəsilə canlı yayınlanıb. Anadolu Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində bu il türk dünyasının mədəniyyət paytaxtı elan edilən Eskişehirdəki Anadolu Universitetində açılan mərkəzdə ulu öndər Heydər Əliyevin həyatı, fikirləri, fəaliyyəti ilə bağlı və əsərlərindən ibarət kitab, fotoalbom, elektron materiallar toplanıb.
Ulu öndər H. Əliyevin 90 illik yubileyi münasibətilə Anadolu Universitetinin təşkil etdiyi silsilə tədbirlərdə iştirak etmək üçün Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti də Türkiyədə səfərdə olub. Nümayəndə heyətinin tərkibində olan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xalıq Yahudov, Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev və Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyevlə yanaşı Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, Azərbaycan Respublikasının İstanbul şəhərindəki konsulu Kənan Murtuzov, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təhsil üzrə ateşesi Nəcibə Nəsibova və ATİB İH-nin rəhbəri Cemal Yangın da tədbirlərdə iştirak ediblər. Mərkəzin açılışında Anadolu Universitetinin rəhbərliyi və Azərbaycandan olan nümayəndə heyətilə yanaşı Eskişehir valisinin müavini Aydın Tetikoğlu da iştirak edib.
Mərasim Anadolu Universitetinin rektoru Davut Aydının ulu öndər H. Əliyevin mərkəzdə ucaldılan büstünün üzərindəki örtüyü açmasıyla başlayıb. D. Aydın “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi” nin yaradılmasının Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinə töhfə verməklə yanaşı burada dahi şəxsiyyət və dünyaca tanınmış müdrik siyasətçi olan ulu öndərin həyat və fəaliyyəti ilə bağlı elmi araşdırmalara da böyük dəstək olacağına əminliyini ifadə edib.
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov da mərkəzin açılmasının məqsədinin iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmək olduğunu bildirib. O, qardaş ölkələrin bir-birinin uğuruna həmişə sevindiklərini qeyd edərək belə bir mərkəzin yaradılmasının iki ölkənin universitetləri arasındakı uğurlu əməkdaşlıq əlaqələri baxımından da əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb.
Mərasimdə çıxış edən “Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzi” nin direktoru Bilgihan Uzuner də yeni açılmış mərkəzin gələcəkdə iki ölkənin mədəni əlaqələrinin daha zənginləşməsinə böyük töhfələr verəcəyini və çox böyük əhəmiyyət kəsb etdiyini deyib.
Mayın 7-də Anadolu Universitetində ulu öndər H. Əliyevin 90 illik yubileyi ilə bağlı daha iki tədbir keçirilib. Anadolu Universitetinin Karikatura Sənətini Araşdırma və Tətbiqi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Karikaturaçılarının Sərgisi” nin də rəsmi açılış mərasimi olub.
Təhsil Karikaturaları Muzeyində təşkil olunan sərginin açılışına Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı Eskişehir Valisinin müavinləri Ömer Faruk Günay və Aydın Tetikoğlu, Anadolu Universitetinin rektoru, professor Davut Aydın, rektorun müavinləri Aydın Ziya Özgür və Naci Gündoğan, Anadolu Universiteti Karikatura Sənətini Araştırma və Tətbiqi Mərkəzinin direktoru Sadettin Aygün və çox sayda karikaturasevərlər qatılıblar.
Azərbaycan karikatura ustalarının çəkdikləri əsərlərdən təşkil olunan sərgidə ümumilikdə 62 əsər nümayiş olunub. Mərkəzin direktoru Sadettin Aygün qonaqlara karikaturalarla bağlı məlumat verib. Tədbirdə çıxış edən millət vəkili Əhliman Əmiraslanov Eskişehirdə belə bir sərginin açılmasının onları məmnun etdiyini deyib. Belə tədbirlərin təşkilini yüksək qiymətləndirdiyini qeyd edən Əhliman Əmiraslanov, bunun kimi tədbirlərin 2 ölkə arasındakı əlaqələri daha da gücləndirdiyini və xalqlarımızı daha da yaxınlaşdırdığını söyləyib. Bundan başqa Anadolu Universitetində Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Bir millət, iki dövlət” adlı sərginin də açılışı olub.
Rəylər: