ATİB sədrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində konfransda iştirak edib
28 sentyabr 2016-cı ildə ATİB İH-nin sədri Cemal Yangın, İdarə Heyətinin üzvü Rafiq Qarayev, ATİB-in Baş Katibi Pərvanə Hacıyeva və digər ATİB üzvləri, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov ,Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan “Beynəlxalq İqtisadi və İnzibati Perspektivlər: Yeni Regional Vizyonlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov dövlət müstəqilliyinin bərpasının 25 illik tarixinə qısa nəzər salıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkənin iqtisadi siyasətinə uyğun olaraq, ciddi uğurlara imza atılıb. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Rektor vurğulayıb ki, ölkənin gələcək iqtisadi inkişafı qeyri neft sektoru ilə bağlıdır: “Qeyri neft ixracını artırmaq üçün regional qlobal bazarların təsirləri nəzərə alınmalı, ölkənin real istehsal gücü əsas götürülməlidir”.
Konfransın əhəmiyyətindən danışan rektor qeyd edib ki, bu gün ölkənin inkişafı ilə bağlı olan sahələri əhatə edən məsələlər, eləcə də dünya iqtisadiyyatında baş verən problemlər müzakirəyə çıxarılacaq. Rektor bildirib ki, mövcud problemlərin həlli təkcə iqtisadçılardan deyil, müxtəlif elm sahələrini əhatə edən alimlərin əməkdaşlığından keçir.
Ə.Muradov konfransın universitetlər arasında əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayacağını iştirakçıların diqqətinə çatdırıb, onları Türk Dünyası İqtisadçıları Birliyi ilə sıx əməkdaşlığa çağırıb.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın iş adamlarının universitetlərlə sıx əməkdaşlıq etməsinin vacibliyindən danışıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə konfransın əhəmiyyətindən, 25 ildə ölkə iqtisadiyyatının keçdiyi yoldan və bu sahədə qazanılan uğurlardan danışıb,
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim İmanov məzunu olduğunu universitetin dünyanın nüfuzlu beynəlxalq elmi konfransına ev sahibliyi etməsini yüksək qiymətləndirib.
Tədbir çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Süleyman Dəmirəl Universiteti arasında magistratura sahəsində biznesin təşkili və idarəolunması ixtisası üzrə ikili diplom proqramları müzakirə edilib və bu sahədə birgə müqavilə imzalanıb.
Rəylər: