Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi əməkdaşı Gülmira Rzayeva Türkiyənin Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbənin qonağı oldu
11 aprel 2015-ci il tarixdə Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbənin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsinin əməkdaşı Gülmira Rzayevanın “Azərbaycanın Enerji Siyasəti” mövzusunda mühazirəsi dinlənildi. Müzakirələrə videokonfrans vasitəsilə canlı olaraq Eskişehirdən Anadolu Universitetinin müəllimləri və əyani şöbənin tələbələri də qatıldılar.
Tədbiri giriş sözü ilə açan Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov SAM-ın əməkdaşı Gülmira Rzayevanı, tələbələri, Anadolu Universiteti müəllimlərini salamladı və qonağı iştirakçılara təqdim etdi. Onun sözlərinə görə, Türkiyədə əyani təhsil alan tələbələrlə yanaşı, Azərbaycandan da distant formada təhsil alan tələbələr bu cür görüşlərdə fəal iştirak edirlər.
Azər Hətəmov eyni zamanda görüşün keçirilməsində ATİB tərəfindən göstərilən dəstəyi də xüsusi vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva tələbələrə “Cənub Qaz Dəhlizi”, “Trans Anadolu Qaz Boru Kəməri” (TANAP) və “Şahdəniz” enerji layihələrinin əhəmiyyəti və gələcəyi barədə ətraflı məlumat verib.
Bu il martın 17-də Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP layihəsinin təməlatma mərasimi keçirildiyini xatırladan G.Rzayeva bildirib ki, TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin onurğa sütunu hesab olunur: “Bilirsiniz ki, hazırda dünyada neftin qiymətinin aşağı düşməsi prosesi müşahidə olunur. Bu isə enerji investisiyalarının genişlənməsinə mənfi təsir göstərir. İndi dünyada enerji sahəsində geosiyasi dəyişiklik baş verir. Hesab edirəm ki, neftin qiymətinin enməsi bizim üçün mənfi əhəmiyyət kəsb etsə də, ancaq tarixi bir hadisədir. Ümid edirəm ki, bu keçici bir dönəm olacaq. Ancaq belə bir dövrdə Azərbaycan və Türkiyənin rolu daha da artır. İndi bizim regionda TANAP kimi böyük investisiya layihələri həyata keçirilir. Bütün bu enerji layihələri isə “Cənub Qaz Dəhlizi” layihəsi fonunda baş verir”.
SAM rəsmisi qeyd edib ki, son vaxtlar Şərqi Asiya dövləti olan Malayziya da “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulmaq istəyir. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 45 milyard dollar dəyərləndirilir: ““Cənub Qaz Dəhlizi” layihəsi Bakıdakı Səngəçal terminalından İtaliyaya qədər enerji daşınmasını nəzərdə tutur ki, bu da Azərbaycan və Türkiyənin rolunu daha da artırır”.
G.Rzayeva deyib ki, 2030-cu ilədək Türkiyənin təbii qaza olan tələbatı 2 dəfə artacaq: “Bu baxımdan da TANAP layihəsi Türkiyə üçün vacib əhəmiyyət daşıyır. Çünki Türkiyə ən ucuz qazı Azərbaycandan alır. İran və Türkmənistan qazı isə Türkiyə üçün sərfəli deyil”.
Daha sonra Eskişehirden Anadolu Universitetinin müəllimləri mövzü ətrafında müzakirələrə qoşulmuşlar. Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrdən Asif Hacıyev, Züleyxa Hümbətova və Sabutay Seyidbəylinin mövzü ilə əlaqədar verdikləri suallar SAM nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Rəylər: