BEYNƏLXALQ DOSTLUQ GÜNÜNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ MÜSABİQƏ TAMAMLAMIŞDIR
Anadolu Universiteti Azərbaycan Proqramları Beynəlxalq Dostluq Günü münasibətilə 5 iyul 2024-cü il tarixindən etibarən başlatdığı Beynəlxalq Müsabiqə bu gün, 5 avqust 2024-cü il tarixində yekunlaşmasını qürurla elan edir. Bu nüfuzlu tədbir Qlobal Liderlik və İdarəetmə, Lider Sahibkar, Sülh Lideri və İnnovasiyalar Üzrə Liderlik nominasiyaları üzrə müvafiq sahələrdə müstəsna xidmətləri və töhfələri olan peşəkarları qiymətləndirmək və mükafatlandırmaq məqsədi ilə təşkil edilmişdir.
2011-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilən Beynəlxalq Dostluq Günü xalqlar, ölkələr, mədəniyyətlər və fərdlər arasında dostluğun, sülhə yönəlik addımları ruhlandırmaq və icmalar arasında körpülər qurmaq kimi səylərin vacibliyini vurğulayır. BMT müvafiq qətnaməsində gənclərin gələcəyin liderləri olaraq beynəlxalq dayanışma və müxtəlifliyə hörməti təşviq edən fəaliyyətlərə cəlb edilməsinin zəruriliyi vurğulanır.
Beynəlxalq Dostluq Gününün dəyərlərinə uyğun olaraq, Anadolu Universitetinin müsabiqəsi sivilizasiyalararası dialoqu, həmrəyliyi, qarşılıqlı anlaşmanı və uzlaşmanı təşviq edən liderliyi qeyd etmək və təşviq etmək məqsədi daşıyır. Müsabiqədə qiymətləndirilən idarəçilik, biznes və sahibkarlıq, innovasiya fəaliyyətləri, həmçinin, beynəlxalq əlaqələr və diplomatiya sahələrində sülh təşəbbüsləri üzrə liderlik nominasiyaların kriteriyaları Beynəlxalq Dostluq Gününün təşviq etdiyi idealları əks etdirmək üçün diqqətlə müəyyənləşdirilmişdir.
Hər bir nominasiya üzrə mükafatlar Anadolu Universiteti Azərbaycan Proqramlarının Mükafatlandırma Komitəsi tərəfindən öz sahələrində görkəmli töhfələr və liderlik nümayiş etdirmiş peşəkarlara təqdim olunacaq. Universitetin bu təşəbbüsü nəinki Beynəlxalq Dostluq Gününün ruhunu şərəfləndirir, həm də sülh və qarşılıqlı uzlaşma mədəniyyətinin təşviqi ilə əlaqədar qlobal səylərə töhfə vermiş olur.
Birləşmiş Millətlər Təşkilatı hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını Beynəlxalq Dostluq Günü vasitəsilə dialoqun, qarşılıqlı anlaşmanın və uzlaşmanın təşviqi istiqamətində beynəlxalq ictimaiyyətin səylərinə töhfə verən tədbirlər qeyd etməyə çağırır. Universitetin keçirtdiyi bu Beynəlxalq Müsabiqə də belə bir təşəbbüsün bariz nümunəsidir.
Anadolu Universiteti bu tədbiri keçirtməklə, YUNESKO-nun Sülh Mədəniyyəti adı altında irəli sürdüyü, zorakılığı rədd edən və münaqişələrin köklü səbəblərini aradan qaldıraraq konfliktlərin yaranmasının qarşısını almaq məqsədi daşıyan dəyərlər, rəftar və davranışlar toplusu təklifinə dəstəyini ifadə etmiş olur. Bu müsabiqə müstəsna liderliyi tanımaqla yanaşı, həm də qarşılıqlı anlaşma və əməkdaşlıq vasitəsilə münaqişələrin həlli və sülhün təşviqinə sadiqliyini ifadə etdirmiş olur.
Beynəlxalq Müsabiqənin qalibləri Anadolu Universiteti Azərbaycan Proqramları tərəfindən 12 avqust 2024-cü ildə saat 16:00-da keçirilən Mükafatlandırma Mərasimində elan olunacaq.
Anadolu Universiteti Azərbaycan Proqramları
Rəylər: