Dövlət İdarəçilik Akademiyası ilə Anadolu Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır

Tarih: 
24/05/2013 - 10:45

      24 may 2013-cü il tarixdə Türkiyənin Anadolu Universitetinin rektoru, professor  Davut Aydın, rektor müavini, professor Aydın Ziya Özgür və Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olmuşlar.
       Tədbirdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də mövcud hərtərəfli əlaqələrdən söz açılmışdır. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini bildirmişdir. Dövlətimizin başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan rektor bu sahələrdə qazanılan uğurlardan danışmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycanın hər bir sahədə surətlə inkişaf etməsi dövlət idarəçilik sahəsində ixtisaslaşan gənclər qarşısında da mühüm vəzifələr qoymaqdadır. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır. Rektor daha sonra DİA-nın fəaliyyətindən danışaraq dövlət idarəçiliyi sahəsində yeganə təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd etmiş, akademiya ilə Anadolu Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə inamını ifadə etmişdir.
      Təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verən Anadolu Universitetinin rektoru, professor Davut Aydın diqqətə çatdırmışdır ki, hazırda dünyanın 30-dan çox ölkəsində tədris mərkəzləri fəaliyyət göstərir. Ümumilikdə universitetdə 2 milyona yaxın tələbə təhsil alır. Davut Aydın hər iki qurum arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulamış, bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirmişdir.
    Sonra protokol imzalanmışdır. Sənədi DİA-nın rektoru, akademik U. Ələkbərov və AU-nin rektoru, professor D. Aydın imzalamışlar. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
 

Rəylər:

No comments available.