Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı Anadolu Universiteti “Azərbaycan Proqramları” nı ziyarət edib

Tarih: 
21/05/2013 - 18:30

      Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı və onu müşayiət edən heyət 21may 2013-cü il tarixdə Anadolu Universiteti “Azərbaycan Proqramları” tələbələrini ziyarət ediblər. Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcını Anadolu Universitetinin rektoru, Prof. Davut Aydın, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH sədri Cemal Yangın və Anadolu Universitetində Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə qarşılayıb. Tələbələr qonağa gül dəstəsi təqdim ediblər.
      Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı və onu müşayiət edən heyət ilə keçirilən görüşdə Anadolu Universiteti rektoru Davut Aydın, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun,  Anadolu Universitetinin rektor müavini Aydın Ziya Özgür, universitetin Açıköğretim fakültəsinin dekanı Kerim Banar, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Fariz Rzayev, Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov, ATİB İH-nin sədri Cemal Yangın və digər şəxslər iştirak ediblər.
      Anadolu Universitetinin rektoru Davut Aydın Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcıya və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə Anadolu Universiteti “Azərbaycan Proqramları” barədə ətraflı məlumat verib. Hazırda Anadolu Universiteti “Azərbaycan Proqramları” nda 5 ixtisas üzrə iki minə yaxın tələbənin distant təhsil aldığı və gələcəkdə tədris edilən ixtisas proqramlarının sayının 11-ə çatdıralacağı bildirilib. Dərslərin tədrisi o cümlədən, Anadolu Universitetinin müəllimlərinin videokonfrans vasitəsilə həftənin 5 günü, hər gün ən azı 4-5 fənn olmaqla ümumilikdə 21 fəndən Eskişehirdən canlı mühazirələr oxuduqları qeyd olunub və internet üzərindən fərdi qaydada müəllimlər tərəfindən keçirilən canlı e-seminarlar barədə də ətraflı məlumat verilib.
    Türkiyə Respublikasının Milli Təhsil naziri Nabi Avcı özünün də daha əvvəl uzun müddət Anadolu Universitetində müəllim işlədiyini xatırladaraq, universitetin distant təhsil sahəsində böyük uğurlar qazandığını bildirib. O, Anadolu Universitetinin keçmiş bir müəllimi olaraq 30 il əvvəl ilk addım olaraq başlayan distant təhsilin, bu gün dost və qardaş Azərbaycana qədər gəlməsindən məmnun olduğunu ifadə edib. Sonra Nabi Avcı Anadolu Universiteti “Azərbaycan Proqramları” nın xatirə kitabına öz ürək sözlərini yazıb.
       Daha sonra nazir tələbələrlə birgə Anadolu Universitetinin müəllimi tərəfindən Eskişehirdən videokonfrans vasitəsilə canlı keçirilən dərs prosesinə qatılıb.
      Sonda Türkiyə Respublikasının Milli Təhsil Naziri Nabi Avcı tələbələrlə birgə xatirə fotoşəkli çəkdirib.

Rəylər:

No comments available.