Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu: “Anadolu Universiteti Türkiyədə və dünyada çox etibarlı bir universitetdir” • Xəbərlər
2012-ci ilin may ayında Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu Anadolu Universiteti “Azərbaycan Proqramları” nda Azərbaycandan distant formada təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşə Türkiyə Təhsil Nazirliyinin Bakı Türkiyə Türkçəsi Tədris Mərkəzinin (TÖMER) müdiri Kemalettin Kanoğlu, Bakı Anadolu Türk Liseyinin direktoru Abdullah Özişçi və liseyin müəllimi Ömer Karakaya da qatılıb. Görüşün əvvəlində çıxış edən Anadolu Universiteti “Azərbaycan Proqramları” koordinatoru Azər Hətəmov Halis Koyuncuoğlunu tələbələrə təqdim edərək onun Azərbaycanla Türkiyə arasında təhsil sahəsində əlaqələrin və Azərbaycanda türk təhsilinin inkişafında böyük xidmətlər göstərdiyini, Azərbaycan gənclərinin Türkiyənin, türkiyəli gənclərin isə Azərbaycanın nüfuzlu ali məktəblərində təhsil almalarında onun da dəstəyi olduğunu qeyd etdi. Azər Hətəmov Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirinin tələbələrlə görüşməsinin bu gənclər üçün maraqlı olduğunu və tələbələrin bu görüşə önəm verdiklərini təhsil müşavirinin diqqətinə çatdırdı.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu gənclər olmadan heç bir ölkənin inkişafa nail ola bilməyəcəyini xüsusi vurğuladı və görüşə gələn tələbələrə müraciət edərək bildirdi ki, “Anadolu Universiteti Türkiyədə və dünyada çox etibarlı bir universitetdir. Yaxşı oxuyub, universitetdən yüksək biliklə məzun olsanız, bu universitetin diplomunu əlinizdə tutduğunuz andan böyük işlər görə bilərsiniz”.
Halis Koyuncuoğlu gənclərə onların ölkəmiz üçün nə qədər dəyərli olduqlarından, Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi, dünyada nüfuzunun daha da artırılması və söz sahibi olan ölkələrin sırasına qatılması üçün gənclərin rolundan və görə biləcəkləri işlərdən də danışdı. Türkiyəli təhsil adamı onu da etiraf etdi ki, “azərbaycanlı gənclər çox zəkalıdırlar”. O, bu sözləri gəncləri öyündürmək üçün deyil, 38 illik peşə təcrübəsi olan bir təhsil işçisi kimi öz müşahidələrinin nəticəsi olaraq söylədiyini bildirdi. Çıxışının sonunda Halis Koyuncuoğlu Türkiyə ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən danışdı. Bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı və bu məqsədlə həm Türkiyə, həm də Azərbaycan gənclərini birlikdə hərəkət etmələri üçün səylərini artırmağa çağırdı. Halis Koyuncuoğlu uğurla davam etdirilən Anadolu Universitetinin “Azərbaycan Proqramları” layihəsinin böyük perspektivlərinin olacağına dair əminliyini ifadə etdi.
Görüşdə Halis Koyuncuoğlu tələbələri maraqlandıran müxtəlif sualları cavablandırdı və sonda onlarla xatirə şəkli çəkdirdi.
Rəylər: