Türkiyədə Hüseyn Cavidin əsərləri kitabının təqdimat mərasimi keçirilib

Tarih: 
22/06/2014 - 21:00

Görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş mərasim keçirilib.

AZƏRTAC-ın Türkiyədəki nümayəndəliyindən verilən məlumata görə,Anadolu Dövlət Universitetinin rəhbərliyinin,tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığından bəhs olunub.

Mərasimi giriş sözü ilə açan Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları”nın rəhbəri Azər Hətəmov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin əhəmiyyətindən bəhs edib.

A.Hətəmov bildirib ki, böyük ədibin Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərib:

“Cavid Odlar yurdu Azərbaycanın sönməz əbədi məşəlini dünya ədəbiyyatına bəxş edib. Hüseyn Cavidin məzarının tapılması, nəşinin öz doğma Vətənində dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin dünya ədəbiyyatını yaradan nadir şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir”.

Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu diqqətə çatdıran A.Hətəmov ulu öndər Heydər Əliyevin 1993-cü ildə ziyalılarla görüşü zamanı Hüseyn Cavidlə bağlı söylədiyi fikirlərdən də xatırlatma gətirib:

“...indi Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi-elmi baxımdan da lazımdır. Lakin bu əsərlər lazımı səviyyədə nəşr olunurmu? ”.

A.Hətəmov əlavə edib ki, Hüseyn Cavidin əsərlərinin Türkiyədə anadolu türkçəsində nəşr olunması türkiyəli cavidsevərlərin də çoxdankı arzusu idi.

Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan deyib ki, Hüseyn Cavidin qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür.

Onun fikrincə, Cavidin qəhrəmanları dünya siyasətinə təsir etmək imkanında olan şəxsiyyətlərdir:

“Onun əsərləri real tarixi proseslərə aydın baxış formalaşdırır. Odur ki, yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin mütəxəssisləri tərəfindən diqqətlə izlənilir. Əminliklə deyə bilərəm ki, onu sevərlər bundan sonrakı dövrdə də Cavid ideyalarından faydalanacaqlar”.

Dahi Hüseyn Cavidin tarixi şəxsiyyət, yenilməzlik və mübarizlik nümunəsi olduğunu diqqətə çatdıran tərtibçisi Azər Turan bildirib ki, şair öz əsərlərini orijinal üslubda yaratmaqla bərabər, türkçülük və turançılıq ideyalarının yaşamasına nail olub, ən əsası isə diqqəti bəşəri dəyərlərin mahiyyətinin dərk edilməsinə yönəldə bilib:

“Cavidin əsərləri həmişə müasirliyini saxlayacaq və sevilə-sevilə oxunacaq. Çünki Hüseyn Cavid bəşəri sənətkardır. Onun əsərlərinin başqa dillərə tərcümə etdirilməsi Cavid irsinin dünyada yayılmasına şərait yaradır”.

A.Turan Hüseyn Cavidin şeirlərində Osmanlı dövlətinin dövründə işlədilən türk dilində olmasından danışıb, onlardan nümunələr təqdim edərək üzərində təhlillər aparıb.

Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova isə qeyd edib ki, Hüseyn Cavid islami dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə, mədəniyyətimizə və musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət olub.

Daha sonra Anadolu Dövlət Universitetinin “Azərbaycan Proqramları” adından universitetdə fəaliyyət göstərən Heydər Əliyev Araşdırma və İnformasiya Mərkəzinə kitablar bağışlanıb.

Rəylər:

No comments available.