Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı- Şəki-2016”ilinin təntənəli açılış mərasimi keçirilib

Tarih: 
30/04/2016 - 17:00

 
       Aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin açılışına həsr olunan tədbirlərə start verilib.
      Mərasimdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir,  TÜRKSOY-un baş katibi Düsen Kaseinov TÜRKSOY-un və digər beynəlxalq təşkilatların rəsmiləri, Türkiyədən qatılanlar arasında, Türkiyə Cumhuriyyəti Baş Nazirinin baş müşaviri Yalçın Topçu , Türkiyənin Gəncə şəhərindəki konsulu Orxan  İşık, T.C. Eskişehir Valisi Güngör Azim Tuna, Anadolu Universitetinin rektoru Prof.Dr. Naci Gündoğan, Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru Azər Hətəmov, Eskişehir Osmangazi  Universiteti rektoru Prof.Dr. Hasan Gönen, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
      “Paytaxt ili”nin təntənəli açılış mərasiminin proqramı olduqca maraqlı və rəngarəng tədbirlərlə zəngindir.Mərasim iştirakçıları əvvəlcə Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayının qarşısındakı meydançada xalqımızın qədim milli atüstü oyunlarından olan çövkən yarışlarını izləmiş, sarayın həyətində xanlıqlar dövrünü xatırladan bədii proqrama tamaşa etmişlər.Tədbir iştirakçıları daha sonra qoruğun ərazisindəki Dairəvi Məbədin həyətində təşkil edilən Şərq bazarını gəzmişlər, el sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olmuş, folklor və musiqi kollektivlərinin çıxışlarını dinləmişlər, Şəki mətbəxinin ləziz təamlarına qonaq olmuşlar. Sonra onlar şəhərdəki qədim karvansarayın həyətində Şəki sənətkarlarının istehsal etdiyi sənət nümunələrinin satış-sərgisi ilə tanış olmuşlar.
       Axşam saatlarında “Yuxarı Baş” Dövlət tarix-memarlıq Qoruğunun ərazisində yerləşən Yay teatrında “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
      Mərasimdən sonra tədbir iştirakçılarına Azərbaycanın və türkdilli ölkələrdən gəlmiş musiqi kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunmuşdur.
 

Rəylər:

No comments available.