Anadolu Universiteti məzunu Şəbnəm Babayevanın müsahibəsi

Tarih: 
22/06/2015

Sual:      İlk olaraq özünüzü təqdim edin?

Cavab:  Şəbnəm Babayeva. Lənkaran şəhər 1 № orta məktəbdən məzun olmuşam, hazırda Anadolu Universiteti Açıköğretim fakültəsi İşlətmə bölümündən məzun olma ərəfəsindəyəm.

Sual:    Siz yaxın günlərdə Eskişehirdə, Anadolu Universitetində keçirilən “Məzun Günü” tədbirində iştirak etmisiniz. Eskişehir, Anadolu Universiteti haqqında fikirlərinizi bizimlə paylaşa bilərsiniz?

Cavab:  Anadolu Universitetinin tələbəsi olduğum üçün özümü çox şanslı hiss edirəm. Universitetdə olarkən bir çox müəllimlərimizlə, həmçinin hörmətli rektorumuz, professor Naci Gündoğanla görüşdüm. Başarılı tələbə kimi mənə universitet tərəfindən hədiyyə də təqdim olundu. Həm universitetin müəllim kollektivi, həm də universitetdə yaradılmış şərait məndə xoş təəssürat yaratdı. Məzuniyyət tədbirinə daxil olanda məzun olduğum üçün özümü çox xoşbəxt hiss etdim. Bizə bu sevinci yaşatdığına görə Anadolu Universiteti və Anadolu Universiteti “Azərbaycan Proqramları” rəhbərliyinə öz təşəkkürümü bildirirəm.

Sual:  Siz yüksək uğurlar əldə edərək, 4 illik proqramı 3 ilə bitirərək artıq məzun olma durumundasınız. Bu uğurlarınızın sirrini necə izah edə bilərsiniz?

Cavab:  Uğur qazanmaq istəyi olan tələbə mütləq plan və proqram tərtib edərək və ona sadiq qalaraq çalışmalıdır. Planlı və proqramlı çalışmadan uğur əldə etmək qeyri-mümkündür.

Sual:   Müvəffəqiyyətlə təhsilini başa vuran məzun kimi tələbə dostlarınıza imtahanlarda uğurlu nəticələr əldə etmək üçün hansı məsləhətləri verə bilərsiniz ?

Cavab: Anadolu Universitetinin kitablarını oxumağı məsləhət görürəm. Kitabdakı mövzuların sonundakı testləri işləyib dərsi anlama dərəcəsini ölçmək çox faydalıdır. Əgər 10 sualdan 5-6 cavab düzgün çıxarsa həmin dərs təkrar oxunmalıdır. Bu uğur qazanmaq istəyən tələbə üçün vacibdir. İmtahan suallarını diqqətlə oxumaq lazımdır, bəzən sualın özündə cavabı tapmaq mümkündür. İmtahan vaxtından tələbə düzgün istifadə etməyi bacarmalıdır. Əgər imtahanın qurtarmasına vaxtları qalıbsa sualları yoxlayıb, kodlaşdırmanın düzgünlüyünə əmin olmalıdırlar.

Sual:  Distant təhsil almağı necə dəyərləndirirsiniz?

Cavab: Distant təhsil sistemində oxuyaraq biz Azərbaycandan ayrılmadan həm işimizə, həm də təhsilimizə vaxt ayıra bilirik. Özünütəhsil, özünütərbiyə və bilgisayarda müstəqil çalışma kimi bacarıqları qazanırıq. Sanki özümüz özümüzə müəllimlik edirik. Bu bizi məsuliyyətli olmağa sövq edir. Anadolu Universitetinin verdiyi təhsilin iş həyatımda çox faydasının olduğunu görürəm. Təhsilimin mənə qazandırdığı təcrübə ilə işimə fərqli yanaşmaq qabiliyyətini ətrafımda olan insanlar da söyləyirlər.

Sual: Gələcək planlarınız?

Cavab: Dünyanın ən nüfuzlu universitetlərindən birində magistr təhsili almağı düşünürəm. Həm qiymət göstəricilərim yüksək olduğumdan, həm də Anadolu Universitetinin nüfuzuna görə bunun mümkün olduğuna inanıram.

Sizi məzun olmağınız münasibətilə təbrik edir, gələcək karyera yolunda uğurlar arzu edirik!