Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb

Tarih: 
10/12/2015 - 17:15

Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə ATİB tərəfindən də dəstək göstərilməklə, şərait yaratmaqdır.
      Tədbirdə ATİB İdarə Heyətinin üzvləri, ATİB-ə üzv olan tanınmış qurumların rəhbərləri, Anadolu Universiteti “Azərbaycan Proqramları” rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri və Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbər və professor-müəllim heyəti, həmçinin universitetin bir qrup tələbələri iştirak edib.
       Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib ki, ali təhsil müəssisəsinin qarşısında duran hədəflərdən biri məhz, savadlı və təcrübəli mütəxəssislər hazırlamaqdır. Rektor vurğulayıb ki, bu istiqamətdə ölkədə fəaliyyət göstərən özəl sektor qurumlarının, xüsusilə də ATİB-in daim dəstəyinə ehtiyac var. Ali təhsil müəssisələrinin iş adamları birlikləri ilə mütəmadi əlaqələrinin vacibliyini vurğulayan rektor İqtisad Universiteti ilə ATİB arasındakı əməkdaşlığın da məzunlarımızın müəyyən iş stajına malik olmalarında faydalı olacağını bildirib. Rektor öz çıxışı zamanı həmçinin qeyd edib ki, rəhbərlik etdiyi universitet Türkiyənin Anadolu Universiteti ilə də əməkdaşlığa böyük əhəmiyyət verir.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın çıxışı zamanı bildirib ki, ölkənin iqtisadi inkişafı insan resurslarının potensialı ilə birbaşa bağlıdır. Bu baxımdan mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsi cəmiyyətin, o cümlədən iş adamlarının qarşısında duran əsas vəzifələrdən biridir. Cemal Yangın qeyd edib ki, ATİB-ə üzv şirkətlər universitetin müəllim və tələbələri üçün bütün dəstəyi göstərməyə hazırdır. ATİB sədri həmçinin qeyd edib ki, ATİB-ə üzv olan tanınmış qurumların rəhbərləri də ehtiyac olduqda universitet tələbələri ilə uyğun seminarlar keçirəcəkdir.
      Sonra ADİU ilə ATİB arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanması keçirilib. Sənədə əsasən, ATİB-in əlaqələndirməsi və dəstəyi ilə tələbələrin ATİB-ə üzv olan qurumlarda təcrübə keçməklə peşəkar bacarıqlara yiyələnməsi üçün hərtərəfli şərait yaradılacaq. Görüşdə müəllim və tələbələrin sahə biliklərinin artırılması istiqamətində təkliflər irəli sürülüb.
      Sonda rektor, professor Ədalət Muradov və ATİB İH sədri Cemal Yangın tələbələrin suallarını cavablandırmışlar.

Rəylər:

No comments available.