15 SENTYABR BİLİK GÜNÜ
Sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayıb.
Bu il orta məktəblərə bütün siniflər üzrə 1 miyon 500 minə yaxın şagird təhsil alacaq, Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
165 minə yaxın şagird isə bu il birinci sinfə gedir. Onlardan 46 mindən çoxu Bakı məktəblisidir.
Təhsil naziri Mikayıl Cabbarov rəsmi Facebook səhifəsi vasitəsilə orta və ali məktəbə gedənləri, o cümlədən onların valideynlərini təbrik edib:
"Bilik günü" - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir".
Nazir vurğulayıb ki, hər bir başlanğıc yeni imkandır və o, arzu edir ki, hər kəs "Bilik günü" ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirsin.