Türk dünyasının alimləri müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemlərini müzakirə edirlər

Tarih: 
19/10/2018 - 11:45

İyunun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

İki gün davam edəcək konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən alimlər iştirak edirlər. AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmli olduğunu vurğulayıb. Türkdilli ölkələr arasında elm və təhsil sahəsindəki əlaqələrdən bəhs edən AMEA rəhbəri əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini bildirib. Akademik A.Əlizadə tədbirdə türkdilli ölkələrin sivilizasiyası, elm, təhsil və mədəniyyət sahəsində əlaqələri kimi mövzulara həsr olunan məruzələrin dinləniləcəyini və müzakirələrin aparılacağını söyləyib. Tədbir çıxışlarla davam edib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyi barədə məlumat verib. Bildirilib ki, bu qurum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə 2015-ci ildə yaradılıb. Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstanın, 2017-ci ildə isə Türkiyənin elmlər akademiyaları sədrlik edib. Birliyin qərarı ilə bu quruma 2018-ci ildə rəhbərlik AMEA-ya həvalə olunub. İ.Həbibbəyli ölkəmizdə artıq bir necə ildir ki, AMEA-nın təşəbbüsü ilə alimlərə adlı mükafatların verildiyini söyləyib. O deyib: “Türk dünyası üçün fərqli adlı mükafatlar verilə bilər. Məsələn, Yunus Əmrə, Yusif Məmmədəliyev və digər adlı mükafatlar təsis edilə bilər. Azərbaycan aliminin adına olan mükafat başqa bir türk ölkəsinin aliminə verilə bilər. Bu, ölkələr arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb olardı”.İ.Həbibbəyli bildirib ki, Qərb dünyası ilə müqayisədə türk dünyasının elmi qurumları ilə əməkdaşlıq üçün daha çox iş görülməlidir.

Sonra Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar, Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Makzum Salahov, Başqırdıstan Elmlər Akademiyasının prezidenti, akademik Alfiz Qayazov məruzələrlə çıxış ediblər.

MƏNBƏ: https://azertag.az/xeber/Turk_dunyasinin_alimleri_musteqil_dovletchilik_enenesi_ve_inkisafin_muasir_problemlerini_muzakire_edirler_YENILANIB___-1175326