Azərbaycan məktəbliləri Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılacaqlar

Tarih: 
19/10/2018 - 11:45

İyulun 7-dən 14-dək Rumıniyanın Kluj şəhərində 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO 2018) keçiriləcək.

Təhsil Nazirliyi bildirib ki, ölkəmizi bu olimpiadada altı şagird təmsil edəcək.

Dünyanın 116 ölkəsindən 615 məktəblinin iştirak edəcəyi bu olimpiadada şagirdlərimiz bu günədək 8-i gümüş və 32-si bürünc olmaqla, ümumilikdə 40 medal qazanıb, 2017-ci ildə isə dörd bürünc medal əldə edərək 110 ölkə arasında komanda hesabında 42-ci yerdə qərarlaşıblar.

Azərbaycan məktəblilərinin Beynəlxalq Riyaziyyat Olimpiadasında ən yaxşı nəticəsi 2010-cu ildə 3 gümüş, 2 bürünc medal qazanması və ölkələr arasında 28-ci yerdə dayanması olub.

Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə 1959-cu ildə Rumıniyada dörd ölkənin iştirakı ilə keçirilib. Azərbaycan məktəbliləri bu bilik yarışında 1992-ci ildən iştirak edirlər.

MƏNBƏ: https://azertag.az/xeber/Azerbaycan_mekteblileri_Beynelxalq_Riyaziyyat_Olimpiadasina_qatilacaqlar-1176690