12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.
Ceyhun Bayramov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.
Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda – 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib.
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.
Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, qonaqlar sərgi ilə tanış olublar.
Sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr keçiriləcək.
Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.