Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135-ci ildönümünə həsr olunan silsilə tədbirlər davam edir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, UNEC-in biznes və menecment, türk dünyası işlətmə fakültələrinin (TUDİFAK) və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə “Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Hüseyn Cavid irsinə göstərilən dövlət qayğısından danışan biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov gənc nəslin düşüncə və dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Bildirilib ki, Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsi ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə idi. TUDİFAK-ın dekanı, dosent Ferruh Tuzçuoğlu görkəmli dramaturqun yaradıcılığından söz açıb, Hüseyn Cavidin XX əsrdə Azərbaycanda türkçülük məfkurəsini daha yüksək zirvəyə qaldıran böyük ideoloq və bu ideyaları ədəbiyyata gətirən dahi şəxsiyyət olduğunu bildirib. BDU-nun professoru Etibar Talıblı, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Lütviyə Əsgərzadə Hüseyn Cavidin dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etdiyini söyləyib, görkəmli dramaturqun neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərlərinin bu gün də monumentallığını qoruduğunu vurğulayıblar.
Sonra Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli “Heydər Əliyev və Hüseyn Cavid yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Cavidin Ev Muzeyini ziyarət edən tələbələr təəssüratlarını bölüşüblər. Onlar dahi dramaturqun şeirlərini səsləndirib, ədibin sözlərinə bəstələnən mahnılar ifa ediblər.
Məndə: https://azertag.az/xeber/Turkchuluk_ideyalarini_edebiyyata_getiren_dahi___Huseyn_Cavid-1158504