Müəllimlərin nəzərinə işə qəbul var!

Tarih: 
20/06/2017 - 11:30

      İyulun 1-dən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbuluna başlanacaq. Nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, proses 1-14 iyul tarixlərini əhatə edəcək.
      Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) keçiriləcək.
      Nazirlik rəsmisinin sözlərinə görə, bu il əvvəlki illərə nisbətən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə rekord sayda vakant yerlər təqdim olunacaq.
      E.Bağırov qeyd edib ki, bu il vakant yerlərin toplanması yeni mexanizmə əsasən həyata keçirilir. Yerli təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə hazırda vakant yerlərin təyin olunması üçün nazirlikdə xüsusi komissiya yaradılıb və burada müəllimlərin dərs yükü, sayı və digər amillər nəzərə alınaraq vakant yerlərin sayı müəyyən edilir: “Əvvəllər vakant yerlərin sayı barədə yerlərdən nazirliyə məlumat daxil olurdusa bu ildən həmin yerlər yalnız nazirlikdəki komissiyada müəyyən edilir. Hazırda Azərbaycanda vakant yerlərin böyük hissəsi ibtidai sinif, texnologiya, təsviri incəsənət ixtisası üzrədir. Amma Azərbaycan dili və ədəbiyyat, İngilis dili ixtisasları üzrə müəllim ixtisaslarında şəhər məktəblərində sıxlıq olduğu üçün bu ixtisaslardan vakant yerlər bu il daha az olacaq. Məsələn, 2015-ci ildə Bakıda ingilis dili ixtisası üzrə müəllimlərə 1 yer verilmişdisə, bu il say 20 olacaq. İbtidai siniflər üzrə bu il Bakı şəhərində 500-ə vakant yerin olması nəzərdə tutulur”.