Gəncə tələbəsi Rövşən Mirzəyev: Distant təhsil sayəsində iş xəyallarınızı gerçəkləşdirə bilərsiniz…
Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğur hekayələri rubrikasını davam etdiririk. Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz hər bir gəncin həyatda layiqli yer tutmasında yardımçı olmaqdır. Elə bugünkü qonağımız, Anadolu Universitetinin dördüncü kurs tələbəsi Rövşən Mirzəyevin də sizə deyiləsi sözləri var. Həmişə olduğu kimi, onunla da söhbətimizi ənənəvi sualdan başlayırıq.
· Rövşən, qısa da olsa, xahiş edirəm özün haqqında məlumat verəsən?
· Desəm ki, bir çox yaşıdlarım kimi, mənim də çox sadə tərcümeyi halım var, yəqin ki, yanılmaram. 1994-cü ildə ölkəmizin tarixi baxımından ən qədim, özünəməxsus ənənələri ilə seçilən, dilbər güşəsi olan Gəncə şəhərində anadan olmuşam. Elə burada da orta məktəbə getmişəm və oranı da bitirmişəm.
· Məktəb illəri ərzində hansısa yaddaqalan hadisələr baş veribmi sənin həyatında?
· Elə bir möcüzəli hadisələr olmayıb. Hamı kimi, mən də çalışmışam yaxşı oxuyum, məktəb yoldaşlarımın və müəllimlərimin sevgi və hörmətini qazanım. Deyə bilərəm ki, artıq məktəbdən bir neçə il ayrıldığıma baxmayaraq, daima həm müəllimlərimlə, həm məktəb yoldaşlarımla əlaqə saxlayıram, hal-əhvallaşıram. Bircə onu deyə bilərəm ki, onlar da məni yaddan çıxartmayıblar. Yerinə düşmüşkən deyim ki, elə ali məktəbə qəbul olanda valideyn və qohumlarımla birgə, onlar da mənim bu nailiyyətimə səmimi qəlbdən sevindilər, bu münasibətlə məni təbrik edənlər arasında ilk onlar da vardı
· Doğma məktəbə, şagird dostlarına belə isti münasibət, onların da hisslərinin qarşlıqlı olması bir çox mətləblərdən xəbər verir.
· Bu cümlə ilə nəyi nəzərdə tutduğunuzu anladım. Bəli, mənim valideynlərimin mənə verdiyi tərbiyədə, belə məsələlər həmişə öndə olub. Əgər kimdənsə isti münasibət, dəstək gözləyirsənsə, bu qarşılıqlı olmalıdır. Dediyim kimi, həyatım boyu ən dəyərli valideyn məsləhəti elə bu olmuşdur, yalan danışmamaq, sədaqətli dost və sözünün ağası olmaq.
· İndi isə keçək söhbətimizin əsas məğzinə. Aydındır ki, bizi ən çox sənin Anadolu Universitetinin tələbəsi kimi, özünü necə hiss etməyin maraqlandırır?
· Müasir dildə desəm, özümü çox komfortlu və rahat hiss edirəm. Çünki, ilk növbədə buradakı tədris sistemi çox əlverişlidir. Digər tərəfdən, işləmək imkanı, yəni maddi cəhətdən sərbəst olmaq imkanı var. Ən əsası isə, burada müasir texnologiyalara dayanan təhsil sistemi mövcuddur .
· Sözünü burada kəsib, səndən bir məsələyə aydınlıq gətirməyi xahiş edirəm. Şübhəsiz ki, sənin digər ölkə universitetlərində təhsil alan dostun az olmamalıdır. Aydındır ki, siz görüşəndə öz təhsiliniz barədə də söhbət edirsiniz. Ən çox hansı məsələləri müzakirə edirsiniz? Yəni, nəyə bu söhbətlər zamanı üstünlük verirsiniz?
· Həqiqətən, mənim dost və tanışlarım arasında digər ali təhsil ocaqlarında təhsil alanlar az deyil. Etiraf etməliyəm ki, əyani təhsil alan gənclərin bizdən, yəni distant təhsilə cəlb olunanlardan, bir gözəçarpan üstünlüyü var. Onlar ümumən vaxtlarının çoxunu universitetlərdə keçirməli olurlar. Şübhəsiz ki, onların tələbə həyatı bizimkindən daha zəngin olmalıdır. Bu da təbiidir. Lakin fürsətdən istifadə edib, Anadolu Universitetinin Azərbaycan Proqramlarının rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar sözün əsl mənasında bizi daima hərtərəfli qayğı ilə əhatə edir, hətta distant təhsilə xas olmayan tədbirlərə cəlb edirlər. Bu qayğının nəticəsidir ki, biz dolğun tələbəlik həyatı yaşayırıq.
· Sən əyani təhsilin üstünlüklərindən danışdın. Bəs distant təhsil, zənnincə, hansı üstünlükləri verir tələbələrə?
· Ən başlıcası oxumaqla bərabar, işləmək imkanı. Distant təhsil sayəsində iş xəyallarınızı gerçəkləşdirə bilərsiniz. Məhz buna görə də, dünya təhsil sistemində distant təhsilin özünəməxsus yeri var. Bir çox ölkələrdə artıq bu növ təhsilin tərəfdarlarının sayı gündən-günə artır. Bircə faktı yada salmaq istərdim ki, tək Anadolu Universitetinin distant təhsil üzrə tələbələrinin sayı dünya üzrə bir neçə milyondur. Dəqiq bilməsəm də, deyilənlərə görə bu rəqəm artıq 3 miliyona yaxınlaşır. Bu rəqəmin özü özlüyündə bir çox müsbət məqamlardan xəbər verir.
· Bildiyimiz kimi, sən artıq iqtisad fakultəsinin dördüncü kurs tələbəsisən. Bu üç ildən artıq bir dövrdə hansı maneə və problemərlə rastlaşmısan?
· Gəlin öncə müsbət tərəfləri deyim. Mənə bu təhsil növündə ən xoşa gələn bir cəhət, tədrisin praktiki həyata daha yaxın olmasıdır. Bu gün mənim üçün gələcək iqtisadçı kimi, demək olar ki, peşəmdə qaranlıq məqamlar yox dərəcəsindədir. Digər bir fəxredici məqam odur ki, burada olan sərbəstlik peşənin dərinliklərinə varmağa böyük yardım edir. Yəni mənim bəzi praktiki məsələlərlə daha yaxından, həyatda tanış olmaq imkanım yaranır. Və nəhayət işləmək imkanı maddi cəhətdən sərbəstlik qazandırır bizə.
· Rövşən, fürsətdən istifadə edərək, distant təhsil almaq istəyən gənclərə nəyləri tövsiyyə edərdin?
· Hər bir işdə olduğu kimi, ilk növbədə çalışqan olmağı məsləhət bilərdim. Həyat günü-gündən daha da mürəkkəbləşir. Ölkəmizin daima inkişafda olan sənayesinə və iqtisadiyyatına daha çevik, modern biliklərə malik olan insanlar tələb olunur. Distant təhsilin bütün imkanlarından istifadə etməklə belə insan kimi yetişmək fürsəti yaranır və yüksək nəticələrə nail olmaq imkanı qazanmaq mümkündür. Odur ki, fürsətdən istifadə edib, bu yazını oxuyan, lakin hələ də təhsil ocağı seçimi qarşısında qalan gənclərə, məhz distant təhsil növünü seçməyi tövsiyyə edirəm.
· Çox mənalı müsahibəyə görə sənə minnətdarlığımızı bildiririk və həyatda uğurlar arzu edirik.
· Xoş arzulara görə minnətdaram.