Muraz Əsgərov: Anadolu Universitetinin diplomu mənə bir çox qapıları açmağa imkan verəcək
Anadolu Universiteti Azərbaycan Proqramları olaraq, uğur hekayələri rubrikasını davam etdiririk. Biz bu rubrikanın müntəzəmliyini ona görə təmin edirik ki, burada bəhs etdiyimiz Anadolu Universitetinin tələbə və məzunlarının həyatda qazandığı uğurlarla, onların rastlaşdığı problem və çətinliklərlə oxucularımızı tanış edək. Məqsədimiz hər bir gəncin özünə həyatda layiqli yer tutmağında yardımçı olmaqdır . Elə bugünkü qonağımız, Anadolu Dövlət Universitetinin məzun durumunda olan tələbəsi Muraz Əsgərovun da sizə deyiləsi sözləri var. Onunla söhbətimizi bu günkü rubrikamıza olan münasibəti ilə bağlı sualla başladıq.
– Muraz bəy, Anadolu Universiteti Azərbaycan Proqramlarının saytında və eləcədə rəsmi facebook səhifəsində yayımlanan “Uğur Hekayələri” rubrikasını izləyirsiniz?
– Bu rubrikanı ərsəyə gətirənlərə öz minnətdarlığımı bildirmək istərdim. O ki, qaldı bu rubrikanı izləməyə, mən müntəzəm olaraq yuxarıda qeyd edilən www.azanadolu.edu.az saytını, rəsmi facebook səhifəsini və ümumiyyətlə Anadolu Universiteti ilə bağlı informasiya daşıyıcılarını daim izləyirəm və onları diqqətlə oxuyuram. İlk növbədə bu, şübhəsiz ki, dərslərlə bağlıdır. Çünki, təhsil aldığım distant təhsili özü-özlüyündə məhz ən müasir texnologiyalara, internetə bağlıdır. Burada mən ən son yeniliklərlə tanış olur, nəzərdə tutulan tədbirlər haqqında məlumatları izləyirəm. Deyilən saytlar da öz növbəsində mənim ən dəyərli köməkçim rolunu oynayır. O ki, qaldı bugünkü rubrikaya, əlavə olaraq demək istərdim ki, onun yaranması məndə çox böyük maraq hissi yaratdı. Çünki, səninlə bir universitetdə təhsil alan, hətta çox vaxt tanımadığın gənclərin fikirlərini öyrənmək özü-özlüyündə çox dəyərlidir. Əsası isə odur ki, mən bu rubrika çərçivəsində verilən müsahibələrdən çox şey öyrənirəm. Tələbələrin uğurları, problem və qayğıları ilə tanış olanda istər-istəməz özün üçün bir nəticə hasil edirsən. Müsbət təcrübədən yararlanırsan, problem və qayğıları öyrənəndə isə onları aşmaq yollarını axtarırsan.
– Muraz bəy, siz artıq son kurs tələbəsisiniz. Sizə bu il universiteti müvəffəqiyyətlə bitirməyi və möhtəşəm bir universitetin diplomuna yiyələnməyi arzu edirik.
Sizin Anadolu Universiteti Azərbaycan Proqramları vasitəsi ilə təhsil aldığınız bu illər ərzində ən yaddaqalan hansı məqamlardır?
– İnanıram ki, bu hissləri çoxları keçirdib. Ən yaddaqalan isə universitetə qəbul olduğum haqda məlumat aldığım an oldu. Bu mənim həyatımın demək olar ki, ən yaddaqalan məqamlarından biridir, daha doğrusu elə ən birincisidir. Lakin digər məsələri də ömrüm boyu unutmayacağıma əminəm. Bunlardan biri də Anadolu Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi idi. Mən bu mərasimdən çox yüksək əhval ruhiyyə ilə ayrıldım. Çünki, burada səslənən fikirlər, müəllimlərin, Anadolu Universiteti Azərbaycan Proqramlarının rəhbərliyinin, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və Anadolu Univeristeti nümayəndələrinin dəyərli məsləhətləri mənim üçün bir örnək oldu.
– Bəs, tədrislə bağlı hansı təəssüratlarınız var?
– Bu çox vacib bir məsələdir. Ümumiyyətlə Avropa təhsili sisteminin bir çox özünəməxsus özəllikləri mövcuddur. Əgər biz təhsil prosesini bir konus fiquru şəklində təsəvvür etsək, onda görərik ki, bu fiqurun enli və dar hissələri mövcuddur. Enli hissəsi qəbul prosesini xatırladır. Yəni qəbul olmaq üçün sadəcə müəyyən, elə də çətin olmayan suallara cavab vermək üçün hazır olmaq lazımdır. Lakin konusa diqqətlə baxanda görürsən ki, o, getdikcə daralır. Bu təhsil sisteminin sadədən mürəkkəbliyə aparan yoldur. Onun əsas məğzi ondan ibarətdir ki, qəbul olduqdan sonra sən gərək müntəzəm olaraq çalışasan, öz biliklərini artırasan.
– Qəbulun nisbətən asan olması sizdə gələcəklə bağlı hansısa bir arxayınçılıq yaratmadı ki?
– Düzünü desəm, ilk öncə elə bir hissiyyat var idi. Lakin müəllimlərimizin, Azərbaycan Proqramlarının mütəxəssislərinin bu istiqamətdə olan tövsiyyələrini nəzərə alaraq, mən müntəzəm olaraq dərslərimlə məşğul olmağa başladım. Odur ki, fürsətdən istifadə edərək, üzümü onlara tutub demək istəyirəm ki, əgər imtahanlarda müvəffəqiyyət qazanmaq istəyirlərsə və universiteti başa vurmaq arzusundadırlarsa, dərslərə ilk gündən çox məsuliyyətlə yanaşmalıdırlar.
– Bildiyimə görə siz artıq işləyirsiniz. Sizin universitetdə oxuduğunuz dövrdə aldığınız bilik və bacarıqlar iş zamanı sizə necə yardımçı olur?
– Qeyd etməliyəm ki, Anadolu Universitetinin təhsil proqramı çox zəngin və çoxşaxəlidir. Yəni biliklərdən əlavə burada dünyada mövcud olan təcrübəyə də çox böyük önəm verilir. Üstəgəl, biz öz ixtisasımızla bağlı nə qədər çox biliklərə yiyələniriksə, bir o qədər də dünya təcrübəsinə söykənən məlumatlara və bacarıqlara da yiyələnirik. Buna praktiki məşğələləri də əlavə etsək mütərəqqi bir təhsil sistemi yaranır. Mən hal-hazırda Gəncə Şəhəri üzrə İcra İdarəsində rəis müavinin köməkçisi işləyirəm. Desəm ki, bu çox məsuliyyətli işdir, yəqin ki, yanılmaram. Gün ərzində mənim əlimdən yüzlərlə sənəd və iş materialları keçir. Burada da Anadolu Universitetində aldığım bilik və bacarıqlar köməyimə gəlir.
– Yəqin ki, bu günkü vəzifənizi özünüz üçün bir başlanğıc bilirsiniz.
– Bəli, mən təbiətcə çox optimist adamam. İnanıram ki, Anadolu kimi Universitetinin diplomu mənə bir çox qapıları açmağa imkan verəcəkdir.
– Burada “niyətin hara mənzilin ora” atalar misalı yenidən yada düşür. Odur ki, sizin gələcəyiniz üçün tutduğunuz hansı niyyətiniz varsa, elə mənziliniz də ora olsun. Sizə həyatda müvəffəqiyyətlər arzu edirik.
– Minnətdaram. Mən də fürsətdən istifadə edib, Anadolu Universitetinin böyük ailəsini Novruz Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, yeni ildə Anadolu Universitetinin Azərbaycan ailəsi daha da böyüsün, minlərlə tələbə bu dəyərli təhsil ocağının məzunu olsun.
Müsahibəni hazırladı:Gülər Qasımlı